Nizami Gəncəvi və Məhəmməd Füzulinin yaradıcılığında milli

Kulturoloji


 

 

◊ Nizami Gəncəvi və Məhəmməd Füzulinin yaradıcılığında milli intibah

  Şərh göndərin 26.12.2009 12:18

Nizami Gəncəvi Yaxın Şərq xalqlarının ədəbiyyatına son dərəcə yüksək humanist ideyalar və yeni sənətkarlıq nailiyyətləri gətirmiş, Şərq ədəbiyyatlarında yeni bir istiqamət açmışdır. Nizami ədəbiyyatı həmişə həyatla əlaqələndirməyə çalışmış, öz mövzularını tarixdən almasına baxmayaraq, onlara müasirlik baxımından yanaşmış, böyük humanist şair olaraq insanı, insan ləyaqətini tərənnüm etmişdir. O, xalqın istək və arzularını, xalq yaradıcılığından və təfəkküründən əxz etdiyi müdrik fikirlərini yüksək sənət dili ilə ifadə etmiş, həm ideya, həm də sənətkarlıq cəhətdən kamil bədii əsərlər yaratmışdır. Şərq ədəbiyyatı tarixində Nizami Gəncəvi ilk dəfə olaraq qadını yüksək insani sifətlərə malik ülvi varlıq kimi təsvir etmişdir. Nizami cəsarəti, mərdliyi və gözəl əxlaqı ilə seçilən mübariz qadın obrazlarını insani keyfiyyətlərdən məhrum kişilərə qarşı qoyur, qadının həyatın müxtəlif sahələrdə kişilərlə bərabər çalışmağa qadir olduğunu sübut edir. Nizami Gəncəvi Şərq ədəbiyyatında ilk dəfə olaraq əməyi insanın bütün başqa canlılardan fərqləndirən həyati tələbat kimi tərənnüm etmişdir. Şairə görə yalnız əməkçi insan hörmət və məhəbbətə layiqdir. Nizami Gəncəvi həm də böyük vətənpərvər idi. O bütün əsərlərdə təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş qüdrətli günlərini tərənnüm etməyə çalışmışdır. Nizaminin əsərlərində vətən təbiətinin gözəllikləri tərənnüm olunur. Onun yaradıcılığında azərbaycan şifahi xalq ədəbiyyatından - dastan, əfsanə, nağıl və atalar sözlərindən bol-bol və məharətlə bəhrələnmişdir. Nizami Gəncəvinin süjetləri isə, öz növbəsində Azərbaycan folkloruna əhəmiyyətli tə`sir göstərmişdir. Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd, Təbriz, Tehran, Qahirə, Istambul, Dehli, London, Paris və s. şəhərlərin məşhur kitabxana, muzey və əlyazmalar fondlarında qiymətli incilər kimi qorunub saxlanılır. Yaradıcılığı Şərq incəsənətinin inkişafında mühüm rol oynamışdır. XVII əsrin sonundan Avropa və Rusiyada Nizami Gəncəvi irsinə maraq artmış, əsərləri ingilis, alman, fransız, italyan, ispan, rus, yapon və s. dünya dillərinə tərcümə olunmuş, həyat və yaradıcılığı öyrənilmişdir. Füzuli tək Azərbaycan yox, bütövlükdə şərq Islam və türk təfəkkür müştərəkliyinin uca və bariz nümunəsidir. O özünün poetik və fəlsəfi əsərlərini üç dildə - türk, fars və ərəb dillərində yazmışdır. Dil sərhəddini qələm qüdrətilə aşan dahi sənətkar Yaxın və Orta Şərqdə tərcüməsiz və tərcümansız sevilə - sevilə oxunmaqdadır. Azərbaycan xalqının mə'nəvi həyatında onun qəzəlləri və "Leyli-Məcnun" poeması xüsusi yer tutur. Şairin qəzəllərinin fəlsəfəsi öz mündəricəsinə görə dərin və incə, poetik ritminə görə lirikdir. Məhz bu səbəbdən neçə əsrdir ki, bu qəzəllər klassik Azərbaycan muğamlarının söz xəzinəsi kimi xanəndələrin repertuarının əsasını təşkil edir. hər bir azərbaycanlı onun "Məndə Məcnundan füzun aşiqlik iste'dadı var", "Canı kim cananı üçün sevsə, cananın sevər" "Nalədəndir ney kimi avazeyi-eşqim bülənd" misralı qəzəllərini, eləcə də digər lirik şe'rlərini hələ məktəbə getməmişdən öyrənir. Məhəmməd ibn Süleyman Füzuli Azərbaycanda məşhur olan türkmənşəli Bayat tayfasındandır. 1493-cü ildə doğulduqu ehtimal olunur. Şairin ölüm tarixi daha dəqiqdir, belə ki, onun 1555/56-cı ildə Bağdadda yayılmış taun epidemiyasından vəfat etdiyi mə'lumdur. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu mə'lumdur. Bu şəhər şiə imamı Əlinin oğlu imam Hüseynin müqəddəs məzarı ilə şöhrət tapmışdır. Özünüdərk yolunun bütün mə'nəvi məşəqqətlərinə həzzlə sinə gərən, bu yolu şövqlə addımlayan şair dahi Cəlaləddin Rumi kimi "Mövlana" çağrılır. Özünü-dərk dərinliyinə və zirvəsinə ilahiyyat, fəlsəfə, poetika, riyaziyyat, tibb, tarix, astronomiya və astrologiya, habelə musiqi nəzəriyyəsini mənimsəyərək çatmışdır. Ensiklopedik bilikli, islami və dünyəvi dünyagörüşlü Füzuli özü də cəmiyyətdəki bu mövqeyindən fəxarət duymuş, qürur hissi keçirmişdir. Onun əsərlərində Əbu Nəvas, Həssan, Xaqani, Nizami, Əlişir Nəvai, Cəlali, Salman Savəci, Kamal Xocəndi, Cəlali, Əhmədi, Şeyxi və digər bu kimi şair və mütəfəkkirlərin adları çəkilir. "Füzuli, məndən istəmə əş"arü-mədhü-zəmm" -deyən şair həmişə saraylardan gen gəzmiş, özü də "şahlara minnətdarlığın ağır yükünü çəkə bilmədiyini" söyləmişdir. Tədqiqatçıların fikrincə, o, gəncliyində məktəbdarlıq və müəllimliklə məşğul olmuş, bir müddət də imam Əlinin Nəcəfdəki ziyarətgahında xidmət etmişdir. Bu işdən də cüz"i haqqa qane olmuşdur. Lakin orası da mə'lumdur ki, dövlət dəftərxanalarında hökm sürən rüşvətxorluq və talançılıq ucbatından ona ayrılan doqquz axçanı da vaxtında ala bilmir. Məşhur "Şikayətnamə"nin yaranmasında bu məsələnin rolunun az olmadığı əsərdən açıq-aşkar görünür və mənbələrdə də qeyd edilir. Füzuli özünün yaradıcılıq tərcümeyi-halını təxminən iki yerə bölür: səfəvilər və osmanlılar dövrlərinə. Bağdadın Osmanlı Türkiyəsinin əlinə keçdiyi 1534-cü ilədək şair Azərbaycan, fars və ərəb dillərində lirik qəzəllərini, qəsidələrini, imamların şəhidlik yollarına həsr etdiyi şe'rləri, şah Ismayıla bağışladığı "Bənkü badə" poemasını, "Söhbətül-əsmar" alleqoriyasını qələmə almışdır. Elə həmin dövrdə o, nəsrlə yazdığı ilk dini povest sayıla biləcək "Hədiqətüs-süəda" əsərini başlayır və sonradan həmin əsəri türk sultanı Süleymana (1520-1556) həsr edir. 1537-ci ildə isə şair özünün şah əsəri olan "Leyli və Məcnun" poemasını bitirdikdən sonra yenə də üç dildə qəzəl və qəsidə yaradıcılığını davam etdirir. Ahıl yaşlarında isə şair daha çox fəlsəfi mövzulara üstünlük verir. "həft cam" (Yeddi cam), "Ənisül-qəlb" (Qəlbin munisi), "Səhhət və mərəz", "Rindü-Zahid"(Rind və Zahid), "Mətləül-e'tiqad" belə əsərlərdəndir. Sonuncu risalə ərəb dilində yazılmışdır. Eyni zamanda o, fars divanını, qəsidələrini və Azərbaycan divanını tərtib etməklə məşğul olur. Füzuli Azərbaycanca -farsca mənzum lüğət də yaradıb. Digər əsərləri ilə birlikdə o, fars və Azərbaycan dillərində "müəmmalar"ını da yazır, Əbdürrəhman Caminin "Qırx hədis"ini dilimizə tərcümə edir. Füzulinin o zaman mə'lum olan bütün poetik janrlarda qələmini sınamasına baxmayaraq, o, Azərbaycan ədəbiyyatında daha çox dahi bir şair kimi məşhurlaşmışdır. Tanınmış ədəbiyyatşünas Rüstəm Əliyevin yazdığı kimi, "Füzuli lirikasının başlıca mövzusu aşiqin hicran zamanı çəkdiyi sevgi əzablarının, onun fikir və arzularının, habelə mə'şuqənin amansızlığının, mərhəmətinin təsvirini verməkdir. Füzulinin poetik obrazları orijinal olmaqla yanaşı həm də müstəsna emosional tə'sir qüvvəsinə malikdir. Şairin belə kamil obrazlarla zəngin şe'rləri oxucunu özünün dərinliyi, parlaqlığı və gözlənilməzliyi ilə heyran edir, əyani təsvirlər kimi yaddaşlara həkk olunur": Füzulinin bir sıra qəzəlləri Şərqin Nizami, Hafiz, Sə'di, Nəsimi, Nəvai, Kişvəri kimi azman klassiklərinin qəzəllərinə "cavab" kimi yazılmışdır. Ümummyyətlə götürdükdə isə dahi Azərbaycan şairi Füzulinin yaradıcılığı XVI əsrin birinci yarısında yaranmış milli humanitar fikrimizin ali zirvəsi olaraq bütün Şərq ədəbiyyatlarının gələcək inkişafına təkan vermişdir.

Baxış: 214



Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   Bloqlar
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   e-Radio
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (38259)
Bahar Turkel
baharturkel.kitabxana.net (29794)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (26700)
Münasibət
nuraz.kitabxana.net (21044)
Roma Xosrov
romaxosrov.kitabxana.net (12947)

Yeni xəbərlər


M.F.Dostoyevski, Aydın Talıbzadə, Üzeyir bəy Hacıbəyov, Umberto Eko, Orxan Pamuk, Nazim Hikmət, Nərgiz Cəlilova, Xaqani Haş, Ağalar Məmmədov: bir sözlə kreativ, polemik, intellektual, estetik materiallar məcmusu...
Aydın Xan (Əbilov), kulturoloq: "Vizual Ruh haqqında Virtual düşüncələr"... "Himnin müəllifi Əhməd Cavad deyil?!" "Müəllifliyini təsdiq edən yazılı mənbə yox idi"... R.Əfəndiyeva: "KQB Asif Atadan boşanmağa məcbur e
Niyazi Mehdi. Azərbaycan mentalitetində idealizm varmı? Ateizm və ateistlər haqda qısa məlumat... Niyə onlar ateizmi seçirlər?
Əhməd bəy Ağaoğlunun gizlinləri... 50-dən artıq Azərbaycan ziyalısı dünyaya müraciət etdi... Tamaşaçını хоşbəхtcəsinə ağladan yeni il filmləri... Çeslav Miloş adına ədəbiyyat müsabiqəsinin qalibləri mükafatlandırıldı. 2011-ci ildə mədəni itkilərimiz

Yazılar / kitablar


Levon Xeçoyan. "Bayquş" (hekayə). Çağdaş erməni yazıçısının müharibə haqda hekayəsi... Əsəri Seyfəddin Hüseynli ruscadan tərcümə edib... Fransız senatlar oxusa, bəlkə əməllərindən utanarlar!
Müəllif: Bələdçi
"Yuxuma söykənmiş adam". Sumqayıtda yaşayıb-yaradan tanınmış və istedadlı şairdən maraqlı bir poetik kitab...
Müəllif: İbrahim İlyaslı
"Taleyin ağır taleyi". Roman və hekayələr. Görkəmli xalq şairi, tanınmış imza sahibi, gözəl şeirlər müəllifi, nəğməkar şairin kitabında müxtəlif illərdə qələmə aldığı maraqlı bədii nəsr nümunələri toplanıb...
Müəllif: Fikrət Qoca
"Yarımçıq Şikəstə". Tanınmış yazıçı-publisistin aktual problemlərə toxunulan pyes və hekayəsindən ibarət e-toplu…
Müəllif: Yusif Əhmədov